Translate

Mütləq Oxuyun

Qəhrəman Uşaq


Malala Yousafzai Pakistanda BBC-nin urdu xidmətinə yazmağa başlayanda, 11 yaşı vardı. Həmin vaxt o, «Taliban»ın qızların təhsilinə qoyduğu qadağalar barədə öz fikirlərini yazırdı. 14 yaşı olanda, radikal qruplaşmaya qarşı çıxdığı üçün o, bütün ölkədə tanınırdı.

Oktyabrın 9-da isə Malalanın sinif yoldaşları ilə birlikdə olduğu avtobus atəşə tutuldu. O, başından və boynundan güllə yarası aldı.

Hadisə Pakistanın şimal-qərbində Svat əyalətinin ən böyük şəhəri olan Minqorada baş verib. Hadisəyə görə məsuliyyəti «Tahrik-i Taliban» qruplaşması üzərinə götürüb. Talibanın sözçüsü deyib ki, Şəriətin sərt qaydalarının tətbiqinə qarşı hər kəsi bu cür son gözləyir.

M.Yousafzai hələ 2009-cu ilin yanvarında məktəbli kimi təəssüratlarını bölüşməyə başlamışdı. Həmin dövrdə «Taliban» Svat vilayətində faktiki olaraq hakimiyyəti əlində saxlayırdı. Bu vilayət Əfqanıstanla sərhəddə yerləşir. «Taliban» 2003-cü ildən burda hakimiyyəti ələ keçirmişdi. Həmin vaxt Malala «Gul Makai» təxəllüsü ilə yazırdı. Onun yazıları «Taliban»ın Svatda məktəbləri bağlaması, qızların təhsilinə qadağa qoyması haqqında idi. Malalanın atası Zaiuddin Yousafzai da özəl qız məktəbinin rəhbəri idi. Ancaq «Taliban»ın tələbindən sonra məktəbi bağlamalı olmuşdu.

50 MİN QIZDAN BİRİ

Malala «Taliban»ın qadağasından sonra Pakistanda təhsilini dayandırmış 50 min qızdan biri idi. O, «Taliban»ın təzyiqləri altında təhsilini yarımçıq qoyması haqqında bunları yazırdı:
Malala Yousafzai Milli Sülh Mükafatı ilə təltif olunur
Malala Yousafzai Milli Sülh Mükafatı ilə təltif olunur

«Mən məktəbli formamı, çantamı görəndə, çox kədərlənirəm. Sabah oğlanlar məktəbə gedir. Ancaq «Taliban» qızların təhsilinə qadağa qoyub».

O, «Taliban»ın qız məktəblərini necə dağıtmasından, 12 minlik Pakistan ordusunun Svat əyalətində «Taliban»a qarşı əməliyyatlara başlamasından sonra ailəsinin, əhalinin öz evlərini necə tərk etməsindən də yazıb.

Pakistan ordusu Svat əyalətində talibançıları qovandan sonra «Gul Makai» kim olduğunu açıqladı. Məlum oldu ki, o, puştu, urdu və ingilis dillərində əla danışan Malala-dır.

2011-ci ilin sonunda Pakistan hökuməti onu Milli Sülh Mükafatı ilə təltif edib. Malala həm də Beynəlxalq Uşaq Sülh Mükafatına namizədliyi irəli sürülmüş ilk pakistanlı qız olub. Onun namizədliyini Cənubi Afrikadan olan Nobel Sülh Mükafatı laureatı Desmund Tutu irəli sürmüşdü.(c)